İL ORBİTDƏ

10 İL ORBİTDƏ

8 fevral 2013-cü il tarixi Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, məhz bu tarixdə ölkəmizin ilk peyki – Azerspace-1 uğurla orbitə buraxılmışdır və bununla da, ölkəmizin kosmik sənaye üzrə fəaliyyətinə mühüm təkan verilmişdir.


Bu tarix yerli və beynəlxalq səviyyədə yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin tərəfimizdən təmin edilməsi, o cümlədən ölkəmizin beynəlxalq kosmik sənaye üzrə layiqincə tanıdılması ilə yanaşı Azərbaycanda kosmik irsin davam etdirilməsi, bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi və dəyərlərin formalaşdırılmasını təmsil edir.

Qafqaz regionunda ilk peyk operatoru kimi fəaliyyətə başladığımız bu yolda bir məqsədə xidmət edən vahid komandanın ərsəyə gətirilməsi, beynəlxalq təcrübəyə əsaslanan iş prosesinin qurulması, bütün tərəfdaşlarla sıx münasibətlərin yaradılması, xidmətlərimizin hansı sahələr üçün yararlı ola biləcəyinin dərindən araşdırılması və ölkədə kosmik ekosistemin qurulması üzrə digər məqamların öyrənilməsi nəticəsində hazırkı mövqeyimizə çatmışıq. Görülən bütün işlərin nəticəsidir ki, hal-hazırda 200-dən çox üzvü olan peşəkar komandamız Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə yüksək keyfiyyətli xidmət göstərməkdədir.

Xidmətlərimizin dürüst və peşəkar şəkildə təmin edilməsi üzrə fəaliyyətimiz bu gün də davam edir. Kosmik sənayenin geniş ictimaiyyət arasında təşviqi, kosmik irsimizin genişləndirilməsi, Azərbaycanın beynəlxalq “kosmik klub”un üzvü kimi tanıdılması isə prioritet məqsədlərimiz olaraq bu fəaliyyətin əsaslandığı əsas dəyərlərdir.

Ötən 10 il ərzində qazandığımız bütün tərəfdaşlarımıza isə minnətdarlığımızı bildirir, əməkdaşlıq və hörmət əsasında qurulan münasibətlərimizin davamlı olmasını arzulayırıq!!