Sədr müavini
2015-ci ildən bəri Azərkosmosda fəaliyyət göstərən Fuad Aslanov qurumun gələcəyə baxış və strategiyasının marketinq və biznesin inkişafı kimi yeni istiqamətlər üzrə təkmilləşdirilməsinə, eləcə də biznes proseslərinin səmərəliləşdirilməsinə böyük töhfə vermişdir. O, Marketinq, biznesin inkişafı və satış departamentinin direktoru vəzifəsində çalışdığı illər ərzində yeni peyk telekommunikasiyası xidmətləri üzrə biznes modellərinin yaradılması, gəlirlərin artırılması, eləcə də beynəlxalq telekommunikasiya sahəsində möhkəm əməkdaşlıq əlaqələri vasitəsilə Azərkosmos teleportunun tanınmış beynəlxalq mərkəzə çevrilməsində əsaslı rol oynamışdır.
Fuad Aslanov Azərbaycan Respublikası Beynəlxalq Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyəti sədrinin müavini təyin olunmasından bu yana Baş kommersiya direktoru kimi fəaliyyət göstərərək yeni xidmətlərin işlənib hazırlanması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə rəhbərlik edir. O, eyni zamanda kommersiya fəaliyyətləri vasitəsilə qurumun əsas imkanlarını genişləndirmək üçün yeni və uzunmüddətli biznes imkanlarının araşdırılması və yaradılması üzrə məsul şəxsdir.
2010-2014-cü illərdə Telia Sonera Avrasiya analitik təcrübə mübadiləsi platforması və Telia Sonera beynəlxaq istedadlar qrupunun üzvü olan Fuad Aslanov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və Macarıstanın Mərkəzi Avropa Universitetində magistr təhsili almış, İsveçin Royal Texnologiya İnstitutunda isə Biznes və kommunikasiya texnologiyaları ixtisası üzrə MBA kursu keçmişdir.